GÜLLƏR ARASINDA KEÇƏN ÖMÜR

AMEA Mərkəzi Nəbatat Bağının təcrübəli və qocaman aqronomu, aqronomluq sənətinin dərin bilicisi, gözəl insan, yaxşılığın bütün çalarlarını özündə əks etdirən qayğıkeş ağsaqqal Əliyev Rafiq Əbdül oğlunun 80 yaşı tamam oldu.

Rafiq Əliyev 1937-ci il aprelin 25-də Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1952-ci ildə Kənarmeşə kənd 7 illik məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1956-ci ildə texnikumun “Suptropik bitkilər” şöbəsini bitirərək təyinatla kənddə aqronom-entemoloq vəzifəsinə təyin edilmişdir.

1960-cı ildə Gəncə Kənd-Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsinə qəbul olunmuş, lakin ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyaraq, elə həmin il sənədlərini Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsinin axşam şöbəsinə verərək, 1965-ci ildə universitetin “Sənaye mallarının əmtəəşünaşlığı və ticarətin təşkili” ixtisası üzrə bitirmişdir. Rafiq Əliyev 1974-cü ildə 2 illik Bakı Ali Partiya məktəbini bitirmişdir.

90-cı illərdə R. Əliyev aqronumluq işini yaxşı bildiyi üçün dostları ilə birlikdə Xırdalan qəsəbəsində istixana icarəyə götürərək qızılgül yetişdirməyə başlamışdır.

2000-ci ildə Rafiq müəllim AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının müdiri b.ü.f.d. Asəf İsgəndərovla tanış olur və ondan bir yerdə işləmək təklifini alır. Artıq 17 ilə yaxındır ki, o, AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında aqronom kimi fəaliyyət göstərir.

Çiçəkçilik laboratoriyasında dekorativ qızılgüllərin inrtoduksiyası, seleksiyası, kolleksiya genefondunun yaradılması istiqamətində geniş elmi tədqiqat işləri aparılır. Kolleksiya və təcrübə sahələrində, həmçinin Bağın müxtəlif ərazilərində əkilmiş bağ qızılgüllərini 560 introduksiya olunmuş, 800-dən artıq seleksiya və hibridləşmə üsulu ilə yetişdirilmiş, ümumilikdə 8500-dən artıq əkin materialı və toxmacarlardan ibarət növ, sort və hibrid formalarına qulluq edilir.

Xüsusi qulluq və bacarıq tələb edən bu işlərin layiqincə yerinə yetirilməsində və Nəbatat Bağında nümunəvi kolleksiya sahəsi olmasında təcrübəli aqronom Rafiq Əliyevin böyük xidməti olmuşdur. İşlədiyi illər ərzində o özünü təcrübəli, bacarıqlı, işgüzar, işinin öhdəsindən layiqincə gələn aqronom-entemoloq kimi göstərmişdir.

Rafiq müəllim nəinki qızılgülləri digər dekorativ ağac və kol bitkilərini becərilməsi, çoxaldılması, xəstəlik və ziyanvericilərə qarşı mübarizə aparan mütəxəssis kimi tanınır, eyni zamanda xoş xasiyyətli və etik davranışı ilə kollektivinin hörmətini qazanmışdır.

 

Elm qəzeti, 11 iyul 2017-ci il. səh. 8