ЭКСКУРСИЯ

Botanika bağları qədim informasiya şəbəkələrindən biridir. Hazırki dövrdə əhəmiyyətli sort və növlərin böyük hissəsi botanika bağlarının kolleksiyasında toplanmışdır. Məktəbəqədər, məktəbli və tələbələr üçün bitkiləri tanıtmaq məqsədiylə ekskursiyalar Bağımızda təşkil olunmaqdadır. Bələdçilərimizin yoldaşlığında reallaşan bu turda, üzərinə basıb ötdüyünüz  bitkilərin əslində dünyamız üçün nə qədər böyük bir əhəmiyyətə sahib olduğunu öyrənə bilərsiniz.

Bitkiləri yaxşı tanımaq lazım olduğu düşüncəsi ilə bağımızda olan kolleksiyaları tanımağa yox deməyin. Siz burada dekorativ, dərman və təsərüffat əhəmiyyətli ağac və bitki kolleksiyaları ilə tanış ola bilərsiniz.

Beləliklə, şəhərimizin ən yüksək nöqtəsində, dəniz səviyyəsindən 105-135 m hündürlükdə yerləşən Mərkəzi Nəbatat Bağı, Bakının yaşıl zonasına daxil olaraq, onun ekoloji baxımdan təmiz mədəni mərkəzlərindən biri hesab olunur və həmçinin mədəni-maarif ocağı kimi biologiya elminin nailiyyətlərini əhali arasında təbliğ edir. Bakıda botaniki tədqiqatların praktiki bazası sayılan Mərkəzi Nəbatat Bağının olması, eyni zamanda respublikada bioloji müxtəlifliyin saxlanılması üçün strateji mühüm olan təbiəti mühafizə obyekti kimi, cəmiyyətdə botanika elminin populyarlaşması və əhalinin ekoloji təfəkkürünün inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Nəbatat Bağının xiyabanlarında ziyarətçilər onları maraqlandıran bitkilərin növü, cinsi və vətəni haqqında məlumatları azərbaycan, rus və latın dillərində bitkilərin üzərindən asılmış lövhəciklərdən öyrənə bilərlər. Mərkəzi Nəbatat Bağı yaşıl muzey olaraq, biologiya elminin nailiyyətlərini və təbiəti mühafizə ideyasını əhali arasında təbliğ edir. Bağın çoxsaylı ziyarətçiləri – məktəblilər, tələbələr, xarici qonaqlar, respublikamızda fəaliyyət göstərən müxtəlif səfirliklərin və təşkilatların nümayəndələri, bir sözlə, təbiəti sevənlərdir.