Mərkəzi Nəbatat Bağının alimi Rusiyada səfərdə olub

26.11.2018

AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda keçirilən “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfransında iştirak edib.

AMEA, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və BNTİ tərəfindən təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları da iştirak ediblər.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi və rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib.

Daha sonra təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elm və mədəniyyət tarixinin öyrənilməsinə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında aparılan müzakirələr zamanı Sadıq Qarayev "Elmi diskusiyalar bədii obrazlarda: Orbitlər və Universal mövcudluq nəzəriyyələri" mövzusu ilə çıxıb edib.