Mərkəzi Nəbatat Bağının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

19.10.2018

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində keçirilən "Biocoğrafiyanın aktual məsələri" adlı beynəlxalq konfransda 90-dan artıq mütəxəssisin iştiraki ilə müasir tədqiqatlar və gələcək elmi istiqamətlərin müzakirəsi aparılmışdır. Konfrans Sankt-Peterburq Dövlət Universitetinin Botaniki Coğrafiya Kafedrasının yaradılmasının 100 illiyinə həsr olunmuşdur. Proqram çərçivəsində bitki örtüyünün müasir tədqiqi, xüsusilə məsafədən zondlama üsullarının tədbiqi məsələlərinə xüsusi yer ayrılmışdır.

Konfransda ölkəmizi təmsil edən AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev “İntroduksiya şəraitində oduncaqlı bitkilərin toxumlarının coğrafi keyfiyyət dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində aparılan müqayisəli rentgenoqrafik tədqiqatlar nəticəsində öyrənilən oduncaqlı bitkilərin təbii arealında və introduksiya şəraitində toxumların coğrafi keyfiyyət dəyişkənlikləri haqqında məlumatları təqdim edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və suallar cavablandırılmışdır.

Səfər çərçivəsində Vahid Fərzəliyev Sankt-Peterburq Botanika Bağında olmuş, burada olan canlı bitki kolleksiyaları ilə yaxından tanış olmuşdur.