AMEA Mərkəzi Nəbatat Bağında Qadınlar Şurası təsis edilib

25.06.2018

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında Qadınlar Şurasının təsis yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev açaraq, 02 may 2018-ci il tarixində AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar Təşkilatının təşəbbüssü ilə akademiyada Qadınlar Şurasının təsis edildiyi və Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin AMEA Qadınlar Şurasının sədri vəzifəsinə təyin olunması haqqında məlumat verdi. Həmin yığıncaqda akademiyanın bütün institutlarında Qadınlar Şurasının yaraqılmasının zəruri olduğunu və bu günkü iclasın məqsədinin də Mərkəzi Nəbatat Bağında Qadınlar Şurasının təsis edilməsi və sədrinin seçilməsinin zəruri olduğunu vurğuladı.

Mərkəzi Nəbatat Bağının Qadınlar Şurasına sədrlik üçün Bağın elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nilufər Hüseynovanın namizədliyi irəli sürülüb. Vahid Fərzəliyev Nilufər Hüseynovanın elmi fəaliyyətindən bəhs edib və bildirib ki, N.Hüseynova uzun illərdir ki, Nəbatat Bağının elmi katibi vəzifəsində çalışır. Daha sonra açıq səsvermə yolu ilə Qadınlar Şurasının 9 nəfərdən ibarət işçi qrupunun tərkibi təsdiq olunub.

Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib.

Tədbirin sonunda Nilufər Hüseynova ona göstərilən etimada görə Mərkəzi Nəbatat Bağının direktoru başda olmaqla bütün əməkdaşlara minnətdarlığını bildirib.