Mərkəzi Nəbatat Bağı Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağı ilə əməkdaşlıq edəcək

26.04.2018

Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının nümayəndə heyəti AMEA-nın Mərkəzi Nəbatat Bağında (MNB) olub.

MNB-nin direktoru, b.ü.f.d. Vahid Fərzəliyevlə görüşdə qonaqlara qurumun fəaliyyət istiqamətləri, canlı kolleksiyalarının zənginləşdirilməsi sahəsində görülən işlər və kadr hazırlığı barədə məlumat verilib, elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Sonra iki qurum arasında qarşılıqlı əməkdaşlıq üzrə razılaşma memorandumu imzalayıb. Memorandumu Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının direktoru, b.ü.f.d. Akjunis İmanbayeva və MNB-nin direktoru Vahid Fərzəliyev imzalayıb.

Razılaşmaya əsasən, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.