Mərkəzi Nəbatat Bağında Rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

06.04.2018

AMEA Mərkəzi Nəbatat Bağında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə organ və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin məşqi keçirilib.

Məşqdə MM rəhbər heyəti, FH komissiyasının sədri və üzvləri, MM qərargahı, hərbiləşdirilməmiş dəstələrin komandir-rəis heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d., dos. Vahid Fərzəliyev açaraq həyata keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, rəhbər heyətinin məşqinin keçirilməsində məqsəd cəmiyyətin mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və işçilərə fövqəladə hadisələr ehtimal olunarkən və ya baş verərkən onların nəticələrinin aradan qaldırılmasında əməli vərdişlərin öyrədilməsi, eləcə də mülki müdafiə tədbirləri üzrə hazırlıq vəziyyətinin yoxlanılması olduğunu qeyd edib.

Sonra Bağın Mülki Müdafiə qərargahı rəisi Rəsul Süleymanov müəssisə ərazisində ola biləcək fövqəladə hallar zamanı xəbərdarlığın, axtarış və qəza, xilasetmə işlərinin təşkili ilə bağlı fəaliyyətlər, yaranmış vəziyyətin qiymətləndirilməsi, idarəetmə orqanlarının və qüvvələrin hazırlıq səviyyəsi, əhalinin fövqəladə hadisə barədə xəbərdar olunması və digər təxirəsalınmaz tədbirlərin təşkilinə dair çıxış edib.

Nəbatat Bağı ərazisində mülki müdafiə üzrə mövcud problemlərin həlli istiqamətində aparılan müzakirələr zamanı məşqə dəvət olunmuş AMEA-nın II Xüsusi şöbəsinin baş mütəxəssisi Oktay Fərzəliyev iştirakçıların suallarını cavablandırıb və təkliflərini irəli sürüb.

Sonda MM qərargah rəisi R. Süleymanov yanğınsöndürmə cihazlarında istifadə olunma qaydasını nümayiş etdirib.