TƏBİƏTİN MÖCÜZƏLİ “GÖY QURŞAĞI”

Təbiətin zərif qiymətləndiricisi Prişvin öz gündəliyində qeyd edirdi ki, “mən həyatımda ilk dəfə çiçək açmış süsən gördüm, onun möcüzəli formasından ilham aldım. Məndə belə bir təsəvvür yarandı ki, zəriflik baxımından bundan yaxşı çiçək yoxdur, hətta onunla müqayisədə qızılgüllər də qaba görünür...”.

YUNAN İLAHƏSİNİN ADINI DAŞIYAN ÇİÇƏK

“İris” (süsən) sözü yunan dilində tərcümədə “göy qurşağı” mənasında işlədilir. Yunan mifologiyasında allahların iradəsini insanlara çatdırmaq üçün səmadan göy qurşağı vasitəsilə yerə enən ilahə “İris” adlandırılırdı. Elə bu bitkinin adı da dərman bitkilərinin təsnifatı ilə məşğul olan yunan həkimi və təbiətşünası Hippokrat tərəfindən yunan ilahəsinin şərəfinə “İris” adlandırılmışdır.

“SÜSƏN”İN QƏDİM TARİXİ KÖKLƏRİ

Deyilənlərə görə, süsən gülünə ilk dəfə bizlərə bəlli olmayan tarixdə Cənub- Şərqi Asiyada rast gəlinmişdir. Bu bitki öz gözəlliyi ilə hər kəsi heyran edirdi. Qədim Misirə bu bitki e.ə. XV-XVI əsrlərdə gətirilmişdir. Yaponiyada süsəndən oğlan uşaqları üçün onları xəstəlikdən qoruyan və qəhrəmanlıq aşılayan amuletlər hazırlayırdılar. Əvvəllər insanlar süsən və xüsusilə də onun kökləri ilə dərman bitkisi kimi maraqlanırdılar. Süsənin köklərindən hazırlanmış dərmanlardan təbabətdə, o cümlədən ilan sancması, qan xəstəlikləri, öskürək, saçın tökülməsi və s. xəstəliklər zamanı geniş istifadə olunurdu.

CƏZBEDİCİ SÜSƏNİN OVSUNLAYICI ƏTRİ

Sonralar isə süsəndən təravətli yağlar, ətriyyatda balzamlar və ətirlər hazırlamağa başladılar. Süsəni yalnız gözəlliyinə və çiçəklərinin ətrinə görə deyil, həm də köklərinin ətrinə görə qiymətləndirirdilər. Məsələn, bəzi süsənin köklərindən dərinin aşılanması zamanı istifadə edir, yarpaqlarından isə ip və həsir toxuyurdular. Qədim dövrlərdən süsənin dərman və kosmetoloji xüsusiyyətləri ilə yanaşı, dekorativliyini də xüsusi olaraq qeyd edirdilər. Məsələn, Krit adasındakı Knoss sarayının divarlarında ətrafı çiçək açmış süsənlə bəzədilmiş kahin rəsmi tapılmışdır. Bu tapıntının 4000 il yaşı var. İtaliya şəhərlərindən birini romalılar məhz Florensiya (latıncadan tərcümədə «çiçəklənən » deməkdir) adlandırıblar. Bu şəhərin kənarları tamamilə süsənlə örtülmüşdü. Müasir dövrdə də süsən Florensiya şəhərində geniş sahələr boyunca əkilir. Hətta Florensiya şəhərinin gerbində də süsən gülü öz əksini tapıb. Süsən yazıçı, bəstəkar və şairləri də ilhama gətirmişdir. Məsələn, Hessenin pritçası, de Volfun romansı, Moskanyenin operası da «iris» («süsən») adlandırmışdır.

SÜSƏN – XALQ TƏRANƏLƏRİNDƏ

Azərbaycan xalq mahnısında da süsən sünbül tərənnüm olunur. Ermənistan tərəfindən Azərbaycan mədəniyyətinin mənimsənilməsi prosesi davam edir. Ermənilər tərəfindən mənimsənilən “Süsən sünbül” mahnısı dəfələrlə erməni mahnısı kimi təqdim olunub. Qeyd edək ki, ilk dəfə Xan Şuşinski tərəfindən ifa olunmuş bu xalq mahnısı keçmiş SSRİ-nin bir çox ölkələrində də məhz bu ifaçının ifasında sevilmiş və məşhurlaşmışdır. «Süsən sünbül” ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil, onlar indiyə kimi bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxaraq erməni mahnısı kimi təqdim ediblər. Bizim dövrümüzə qədər gəlib çatmış yazılı mənbələrə istinad edərək söyləmək olar ki, süsənlə dekorativ bitki kimi məşğul olan ilk avropalı Karl Klazius olmuşdur. XX əsrin ortalarında amerikan süsənşünası Mitçel Madriddə tarixi 1610-cu ilə aid olan gözəl süsən rəsmlərinə rast gəlmişdir. Bu rəsmlərin müəllifi məşhur flamand rəssamı Yan Breygel idi.

SÜSƏN – ELMİ ARAŞDIRMALARDA VƏ TƏBABƏTDƏ

Təbiətdə süsənlər çox asanlıqla çarpazlaşırlar. Gürcü süsəni ilə paradoksal süsənin hibridi təbii hibridləşməyə nümunə ola bilər. Süsənin dünyanın mülayim iqlim qurşaqlarında 300, keçmiş ittifaqda 60, Qafqazda 33, Azərbaycanda isə 16 növünə rast gəlinir. 1997-ci ildə MDB-nin və Baltikyanı ölkələrin iştirakı ilə «Çiçək və ot bitkilərinin kataloqu » tərtib olunmuşdur. Bu kataloqa 7 saylı kodla Azərbaycanın yabanı bitkiləri, o cümlədən süsən növləri də daxil edilmişdir. Tətbiqi: süsənin çiçək hissələrinin boyaq xüsusiyyətləri üzərində tədqiqat işləri apararaq belə nəticəyə gəlmişlər ki, bitkinin çiçəklərindən alınan boyaq maddələrindən yeyinti və toxuculuq sənayesində istifadə etmək olar. Bundan başqa, süsən bitkisinin çiçəklərindən hazırlanan antosian boyaq maddələri ilə şirniyyat, marmelad, limonad və dondurma məhsullarını da boyamaq olar. Süsən növlərindən alınan antosian tərkibli boyaq maddələrindən indikator kimi də istifadə etmək olar.

Faydaları: xalq təbabətində süsənin qurudulmuş kökümsovlarından sulu dəmləmə və bişirmə hazırlanıb mədə- bağırsaq xəstəliklərində büzüşdürücü və bakterisid təsirli dərman kimi ishala qarşı işlədilir, bundan əlavə, sulu dəmləməsindən böyrək və sidik yolları xəstəliyində iltihabı aradan qaldıran və ağrıkəsici kimi, eləcə də daxili qanaxmalarda qankəsici kimi istifadə edirlər. Bəzi nadir süsən növləri var ki, onlar Azərbaycan Respublikasının «Qırmızı Kitab »ına daxil edilmişdir. İkikənarlı süsən, Aleksey süsəni, Anna süsəni, Kamilla süsəni, Qafqaz süsəni, Qurdqulağı süsəni, Müsəlman süsəni və b. ölkəmizin nadir və nəsli kəsilməkdə olan süsən növlərindəndir. Mərkəzi Nəbatat Bağında həm nadir və nəsli kəsilməkdə olan, həm də hibrid süsənlərin onlarla çeşidi becərilir və mühafizə olunur. Bağın süsən kolleksiyası bura gələn tamaşaçıların həmişə maraq və rəğbətinə səbəb olmuşdur.

Günay MƏMMƏDOVA

AMEA-nın Mərkəzi Nəbatat Bağının

“Nadir və nəsli kəsilməkdə olan bitkilər

laboratoriyasının elmi işçisi

Discovery jurnalı, səh. 130-133