Mərkəzi Nəbatat Bağının əhəmiyyəti və fəaliyyəti

Nəbatat bağları – müasir dövrdə ərazisində elmi-tədqiqat, tədris və maarifləndirmə məqsədilə dünyanın fərqli ərazilərindən və müxtəlif iqlim zonalarından toplanan sənədləşmiş canlı bitki kolleksiyalarının nümayişi məqsədi ilə qurulan, xüsusi mühafizə olunan təbiət abidəsidir. Nəbatat bağı ilk dəfə 1543-cü ildə İtaliyanın Pitsa Universiteti tərəfindən yaradılmışdır. Sonralar Padova (YUNESKO-nun Ümumdünya irsinə daxil olub) və Florensiya universitetlərində, 1621-ci ildə isə Oksford Universitetində qurulmuşdur. Hazırda Dünyanın 148 ölkəsində 1775-dən artıq nəbatat bağları və dendrariumlar fəaliyyət göstərir.

Bitkilərin becərilmə texnologiyalarının işlənib hazırlanması təbii şəraitdə məhv olanları bərpa etməyə imkan verir. Burada bitkilər konservasiya olmaqla yanaşı, elmin müxtəlif sahələri üçün gələcək tədqiqatlarla bağlı qiymətli mənbədir. Nəbatat bağları təbiətdə təhlükəyə məruz qalmış növ və növmüxtəlifliklərinin mühafizəsinin ən etibarlı qarantı ola bilər. Aparılan elmi tədqiqatlar hesabına daha davamlı fərdlərin öyrənilməsi və seçilməsi üzərində işlər aparılır. Cəmiyyətin müxtəlif təbəqələri bitkilərin mühafizə üsulları ilə tanış olur. Beləliklə, həm bitkilərin mühafizəsi, həm də insanların rifahı naminə onların istifadəsi davamlı inkişafa xidmət edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə nəbatat bağları ənənəvi olaraq təbiəti mühafizə və əhalinin bütün təbəqələri üçün elmi-maarifləndirmə mərkəzi rolunu oynayır.

Nəbatat bağlarının bugünkü beynəlxalq strategiyası bioloji müxtəlifliyin mühafizəsi, elm, təhsil və elmin kommersiyalaşması istiqamətində təbiət, mədəniyyət və vətəndaş cəmiyyətinin əlaqələri konteksində formalaşmalıdır.

Azərbaycanda ilk nəbatat bağı 1934-cü ildə “Dağüstü Park”dan “Qurd Qapısı”na qədər olan ərazidə yaradılmışdır. Hazırda 41,3 ha ərazisi var. Mərkəzi Nəbatat Bağında Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2500-ə qədər növ, forma və çeşid yerli və ekzot ağac, kol və ot bitkilərinin, o cümlədən 125 növ nadir, nəsli kəsilməkdə olan bitkilərin kolleksiyası vardır. Nəbatat Bağında çıçək bitkilərinin, o cümlədən qızılgülün 600-ə qədər sortunun kolleksiyası toplanmışdır. Bağın oranjereya kolleksiyasında daxili yaşıllaşdırmada istifadə olunan 125 cinsi əhatə edən 295-dən çox tropik və subtropik bitki nümunələri toplanmışdır.

Mərkəzi Nəbatat Bağı dünyanın müxtəlif ölkələrinin 130-dan artıq Nəbatat bağları ilə toxum mübadiləsi aparır. Hazırda həmin toxumların hesabına Bağın kolleksiyasına 40 növdən çox ağac, kol və çiçək bitkiləri əlavə olunmuşdur.

Mərkəzi Nəbatat Bağı geniş dairədə tanınmış iri tədqiqat mərkəzinə çevrilmişdir. Bağ tərəfindən aparılmış elmi-tədqiqatların nəticələri bir sıra irihəcmli əsərlərdə öz əksini tapmış və dünyanın mötəbər nəşrlərində çap olunmuşdur. Alimlərimiz tərəfindən “Otaq bitkiləri və onlarla qulluq qaydaları”, “Mərkəzi Nəbatat Bağının bələdçi kitabçası”, “Müalicə bitkiləri” silsiləsindən “Zəfəran”, “Əzvay”, “Soğan”, “Qulançar və ya mərəcüyüd”,“Çiriş”, “Nanə”, “Bədrənc”, “Qafqaz geofitlərinin konspekti”, “Bitki adları haqqında nə bilirsiniz” kitabları, “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi”, “Mərkəzi Nəbatat Bağının əsərləri” topluları, “Gülçülük”,“Abşeron şəraitində sarmaşan bitkilərin becərilməsi”, “Böyük Qafqazın şimal-şərq hissəsinin dendroflorası və meşələri”, “Qafqazın geofitləri”, 4 dildə 2 hissəli “Nəbatat terminləri və bitki adları” lüğəti, “Nəbatat terminlərinin izahlı lügəti”, “Sarmaşan bitkilər sorağında”, “Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri” kitabları, “Meyvə və toxumlarına görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsulları” metodik vəsaiti, 6 buklet çap etdirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 4 aprel 2008-ci il tarixli əmrinə əsasən Mərkəzi Nəbatat Bağında yetişdirilmiş “Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları üçün 3 Müəlliflik Şəhadətnaməsi və Patent alınmışdır.

 

Vahid Fərzəliyev, Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. dos.