QIZILGÜL ERASININ BAŞLANĞICI

Jurnalimizin ilk sayının “Gül kimi rubrikasında bağ və parkları bəzəyən çay-hibrid qızılgüllərindən danışacağıq. Adı tanış olmasa da, bağlarda və şəhərin müxtəlif yerlərində gözəlliyi ilə bizi valeh edən qızılgüllər məhz olnlardır. Bu qrup qızılgüllərdən əvvəl yabanı (itburnu) və qədim qızılgüllər olub. Ancaq onlar ildə bir dəfə açdığı üçün uzun illər yeni, təkrar çiçək açan qızılgül axtarışları davam edib. 1967-ci ildə “La France” növünün əldə edilməsi ilə qızılgül tarixində dönüş mərhələsi başlayır. Bu sort çay və remontant qrupunun ən yaxşı keyfiyyətlərini cəmləşditməklə yeni çay hibrid (Hybrid Tea) qrupunun yaranmasına səbəb oldu və təkrar çiçək açmaq qabiliyyəti ilk dəfə bu güllərdə meydana gəldi. XIX əsrdə bir çox ölkələrdə bu qızılgüllərin seleksiyasına başlanıldı və minlərlə zərif, şoxləçəkli, müxtəlif, rəngli sortlar alındı. 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq, indi də bu qrupdan olan sortlar yaşıllaşdırma və bəzək-bağçılıqda geniş istifadə olunur.

ƏN GÖZƏL GÜLLƏR

Mərkəzi Nəbatat Bağının botanik-introduktoru, biologiya elmləri namizədi Asəf İsgəndərovun bu qızılgülləri “ən gözəl güllər” adlandırır. Bu qrupun gülləri iri və ya orta ölçülü, gözəl formalarda, çoxçiçəkli və sıxləçəklidir. Ləçəklərinin sayı 20-100 arası bəzən də daha çoxdur. Muxtəlif rənglər və çalarlarda olan güllər tək-tək və ya çiçək qrupunda cəmləşir. Yarpaqları iri, açıq-yaşıldan tünd-yaşıla qədər, bəzən parıltılı və qalın, kolları 80-160 sm. hündürlükdə düz, bəzən də qollu-budaqlı olur. Abşeronda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində çay-hibrid qızılgüllərinin çiçəkləməsi may ayından başlayaraq şaxtalar düşənə qədər davam edir. Çalaq üsulu ilə artırıldıqda daha keyfiyyətli olur. Yaşıl və yarı odunlaşmış qələmlərdə çoxaltsanız da gözəl güllər əldə edə bilərsiniz. Çay-hibrid qrupunun ən gözəl nümayəndəsi “Madame A. Meilland” sortu hesab edilir. Bu sortun ləçəkləri sarı, kənarları isə çəhrayı rəngdədir. Müxtəlif beynəlxalq sərgilərin qalibi olan bu sort “XX əsrin qızılgülü”dür. Almanlar isə bu sortu “Gloria dei” (Allahın möcüzəsi) adlandırırlar. Çay-hibrid qrupunun digər sortları da hazırda dünyanın bir çox ölkələrində becərilir və müxtəlif cür istifadə olunur.

HƏR ŞEY NECƏ ƏKMƏYİNİZDƏN ASILIDIR

Gözəl çay-hibrid gülləri əkmək üçün aqrotexniki qaydalara əməl etmək lazımdır. İlk növbədə, bu qrup gülləri calaq etmək, bəzi növlərini isə çilik vasitəsi ilə çoxaltmalısınız. Əkin may ayının əvvəllərində, küləkdən mühafizə olunan yerlərdə, yumuşaq torpaqda aparılmalıdır. Bu gülləri əkməzdən qabaq köklərinin bir neçe saat suda saxlamaq lazımdır. Gülü kökü ilə birlikdə suya qoymusunuzsa, onun calaq hissəsini qoruyun. Kolu əkmək üçün 30-50 sm. ölçüdə çuxur qazın. Bu çuxurda beşdən artıq kol əkmək olmaz və ona əvvəlcədən isladılan gübrə vermək məqsədəuyğundur. Gülü torpağa basdırdıqdan sonra ətrafındakı torpağı əlinizlə bərkidin ki, suvarma zamanı bütün köklər eyni miqdarda su içə bilsin. Sonda isə gülün dibini torpaqla 15sm. hündürlükdə doldurun ki, şaxtanın, günəşin və küləyin təsirindən tez məhv olmasın.

QAYĞI VƏ SUVARMA

Bağınızda çay-hibrid qrupu qızılgülü növündən saxlamaq istəyirsinizsə, ona daim qayğı göstərməlisiniz. Stabil inkişafı və davamlı çiçək açması üçün bütün fəsillərdə fosfor, kalium və maqneziumlu gübrələr verin. Birinci və ikinci gübrələmə zamanı azot qarışıqlı gübrələrdən də istifadə etmək olar (10 litr suya 15-20 qr.selitra, 10 qr. moçevina ilə qarışdırmaqla). Üzvi və mineral gübrələri qızılgülə növbə ilə versəniz, inkişafına daha yaxşı kömək edər. Çiçək açan vaxt isə mineral gübrələri daha da artırmalısınız (1m2 əraziyə və ya 10 litr suya 25 qr.şora, 45-50 qr. Kalium qatmaqla). Qızılgüllərin ilk çiçək açmasından sonra daha bir dəfə də mineral gübrələnməyə ehtiyacı olur. Bu zaman azot və kalium tərkibli maddələri də az miqdarda artırmaq lazımdır.

 

“Çiçəkçilik” laboratoriyasının müdiri

b.ü.f.d. A.T.İsgəndərov