XX əsrin ən gözəl qızılgülü – “peace”

Bir vaxtlar “Slava Mira”kimi populyar olan qızılgülü ilk dəfə keçən əsrin 50-ci illərində Gəncədə həyatyanı bağımızda görmüşdüm. 12-13 yaşım olardı. Evimizin qabağı kiçik həyət, arxası çox da böyük olmayan bağ sahəsi idi. Bağımızda meyvə ağacları və çoxlu sayda qızılgüllər var idi. Atam hər işdən gələndə gedib ağaclara qulluq edərdi, qızıgüllərə daha çox maraq göstərirdi. Bir dəfə meyvə ağaclarını nə üçün çox kəsdiyini (budadığını) soruşdum. Dedi: – oğlum qızılgüllər işıqlı yeri çox sevir, ağac kölgəsində qalsa xəstəliyə tutularlar, gülləri də zəif olar. Onları vaxtlı –vaxtında sulamaq, diblərini yumuşaltmaq lazımdır, yoxsa dibləri qaysaq bağlayar və kökləri nəfəs ala bilməz. O sanki gülçü olacağını bilirmiş kimi, məni bu işə hazırlayırdı. Ailədə 4 uşaq olmağımıza baxmayaraq bağ işlərini ancaq mənə tapşırırdı. Bilirdim yenə məni çağıracaq – “Asəfi (atam mənə bir iş tapşıranda Asəfi deyə çağırardı) şlanqı gətir gülləri sula, yaxud da kolların dibini boşald, qoy köklər nəfəs alsın, kəsilmiş budaqları sahədən çıxart” və s. May ayında qızılgüllər çiçəkləyəndə hərəsinə bir ad deyərdi: “Qara məxməri”, “Slava Mira”, “mürəbbə gülü” və s.

Aradan neçə on illər keçsə də hər dəfə Mərkəzi Nəbatat Bağının (MNB) qızılgüllər kolleksiyasında müşahidə apararkən atamın Slava Mira dediyi əslində isə adı “Peace” (ingilis dilində - sülh, sakitlik deməkdir) olan qızılgül kolunun yanında bir an xəyala dalır və sanki Atama demək istəyirəm ki, - Sizin həvəslə qulluq etdiyiniz o “Slava Mira” qızılgül sortu beynəlxalq gül sərgilərində dəfələrlə qızıl medalın sahibi olub və nəhayət Ümümdünya Qızılgülçülər cəmiyyəti tərəfindən “XX-ci əsrin qızılgülü” adına layıq görülübdür.

Maraqlıdır... nədir ondaki bu cazibədarlıq, heyranedicilik? Rosa L. cinsinin öyrənilməsi sahəsində uzun illər tədqiqat işləri aparan, dünyanın müxtəlif ölkələrinin qızılgül sortlarının MNB-də introduksiyası və seleksiyası sahəsində müəyyən işlər görən tədqiqatçı kimi məni də bu sual düşündürür ki, necə olur dünyada mövcud olan 40 mindən artıq qızılgül sortlarının demək olar ki, 80%-i məhz XX-ci əsrdə yaradıldığı və onların arasında yüzlərlə çox populyar eyni zamanda Beynəlxalq gül sərgilərinin qızıl medallarını qazanmış sortlardan fərqli olaraq ona bu qədər şöhrət gətirib, hətta bəzi xarici jurnallarda “Peace” qızılgül sortu XX-ci əsrin şah əsəri (şedevr) kimi qiymətləndirilir.

Oxucunu intizarda qoymamaq üçün gəlin sortun yarandığı çox qəribə tarixi illərin kədərli və sevincli anlarını xatırlayaq.

Hər şey 15 iyun 1935-ci ildə Fransalı orijinator Frensis Meiyan (Francis Meilland) seleksiya tinkliyindən başlandı. O, mürəkkəb hibrid mənşəli 55 valideyin cütlərinin tozlandırılmasından 52 meyvə əldə edir. Sonra hibrid toxumların səpinindən 800 cücərti alır və onların arasından 50 ədəd ən perspektivli toxmacarlar seçir. Xüsusi maraq doğuran və kod nömrəsi 3-35-40 olan toxmacar onun diqqətindən yayınmır. Bunlar təsadüfi rəqəlmər deyildi: birinci rəgəmlər 1935-ci ildə 3-cü kombinasiyadan alınan maraqlı nüsxəni, 40 rəqəmi isə seçimi ifadə edirdi. Bu hibrid “qönçələri iri, gülünün sarı və ya qızılı sarı rəngdə, tamamilə qəribə forma və çox iri ölçüdə olması, ləçəklərinin kənarından cəhrayı-qırmızı, bəzən zərif cəhrayı rənglə əhatələnməsi, yarpaqlarının iri, tünd-yaşıl, qalın dərili və parlaq olması ona xüsusi dekorativlik verir və onu digərlərindən fərqləndirirdi”. Müəllif onu vəfat etmiş anasının xatirəsinə (Mme Antoine Meilland) adlandırır.

Yeni sort ilk dəfə Fransada 1939-cu ilin iyun ayında keçirilən gül sərgisində nümayiş etdirilir və böyük maraq doğurur. Həmin ilin yayında müəllif çiliklərdən Almaniya, İtaliya və Amerikadaki həmkarlarına göndərir. Lakin çox keçmir ki, 1 sentyabr 1939-cu ildə müharibə başlayır və onun xarici həmkarları ilə əlaqəsi kəsilir. Bəs hadisələrin sonraki inkişafı necə olur? Bununla əlaqədar müxtəlif ehtimallar söylənilir. Onlardan biri belədir ki, Hitler ordusu Fransanı işğal etdikdə F.Meiyan çilikləri Amerikanın Liondaki konsuluna verir və gizli olaraq Amerikaya göndərilir. Başqa məlumatda deyilir ki, güya seleksiyaçı öz qiymətli, xəzinə hesab etdiyi çiliklərdən Parisdəki dini sektaya (kvaker) ötürə bilir və onları faşist tankları şəhərə girməzdən bir neçə saat əvvəl çıxara bilirlər.

Müharibə ərəfəsində ölkələr arasında əlaqələr kəsilmişdir, şübəsiz ki, gülçülər arasında da əlaqə yaratmaq qeyri mümkün idi. Müharibədən sonra bu qızılgül hansı ölkədə görünməyə başlayırsa müxtəlif adlarla səsləndirilir. Məs.: Almaniyada – “Gloriya Dei” (tərcümədə - Allaha Şükür), ABŞ-da – “Peace” (sülh, sakitlik), İtaliyada – “Gioia” (sevinc, şadlıq). Keçmiş sovetlər ölkəsinə SSRİ “Gloriya Dei” sortu kimi Almaniyadan gətirilib və “Slava Mira” (tərcümədə - Yaşasın Sülh) kimi məşhurlaşır.

ABŞ-da 1945-ci il aprelin axırında – Berlinin sükütu günü sortun təqdim etmə günü keçirilir. Amerikalılar qızılgülü “Peace” adlandırır. 1945-ci ilin iyun ayında isə Birləşmiş Millətlər Təşkilatının (BMT) San-Fransisko da küçirdiyi I-ci konfransında hər bir nümayəndənin qarşısında masaya güldanlarda F.Meiyanın yetişdirdiyi əfsanəvi qızılgül qoyulmuşdur. Təsisçilərdən biri çıxışında demişdir: “Biz ümüd edirik ki, hər birimizin qayşısındakı sülh rəmzi olan bu qızılgül – “Peace” “Dünyaya ömürlük sülh” şüarını insanların şüuruna həkk edəcəkdir”.

“Peace” qızılgül sortunun qəribə tarixcəsi bununla bitmir, əksinə yeni-yeni xarakterik xüsusiyyətləri aşkara çıxır. Bu sortun daxili potensialı və müxtəlif torpaq-iqlim şəraitində becərilərkən spontan olaraq tumurcuqda baş verən mutasiya nəticəsində 19 sayda yeni sortlar (sport) yetişdirilmişdir. Məs.: “Kronenbour”, “Chicago Peace”, “Lucky Peace”, “Pink Peace”, “Speaker Sam” və s. Onun çarpaz tozlandırmada valideyin cütlərindən biri kimi müxtəlif kombinasiyalarda iştiraki sayəsində 400-dən artıq yeni sortlar qeydə alınmışdır. Məs.: “Christian Dior”, “Dame de Coeur”, “Diorama”, “Princesse de Monaco”, “Grant Prix” və s. Təsadüfi deyildir ki, dünyanın bütün seleksiyaçıları bu sortu hibrid kombinasiyalar üçün qızıl fond hesab edirlər.

Frensiz Meiland çox tez 46 yaşında vəfat edir. Bəzən olduğu kimi onun da tanınması və şöhrət qazanması ölümündən sonra başlayır. Atasından sonra Meilland şirkətinə oğlu Alan Meilland başçılıq edir, seleksiya işlərində və yeni hibridlər yetişdirməkdə liderliyi saxlayır. Məhs onun rəhbərliyi altında onlarla yeni əla sortlar alınmışdır ki, bu günə kimi populyardırlar və bir çox müasir kataloqlarda təsviri verilir.

“Peace” sortunun (yaşlı nəsillərdən olan gül həvəskarları onu Slava Mira kimi tanıyır) Azərbaycana nə vaxt və kim tərəfindən gətirilməsi məlum deyildir. Ehtimal etmək olar ki, keçən əsrin 50-ci illərində Rusiyadan və ya Ukrainadan, bəlkə də Gürcüstandan həvəskar gülçülər tərəfindən Bakıya, Gəncəyə və ya başqa rayonlara gətirilmişdir. Lakin Mərkəzi Nəbatat Bağına əkin materiallarının ilk dəfə Şimali Qafqazdan (Nalçik), Krımdan (Yalta), sonralar isə Özbəkistandan gətirilməsi haqqında Bağın 60-cı, 70-ci illərdəki hesabatlarda məlumat verilir. Biz 70-ci illərdə Rosa L. cinsinin öyrənilməsinə başlayanda təəssüf ki, bağda qızılgül sortlarıının böyük əksəriyyəti, o cümlədən “Peace” yox idi.

Əvvəlki illərdə olduğu kimi son illərdə də iş adamları xaricdən ölkəmizə yüz minlərlə qızılgül kolları gətirirlər. Gətirilmiş əkin materiallarının əksəriyyəti yeni torpaq-iqlim şəraitinə biləvasitə uyğunlaşa bilməyib məhv olur, qalanları isə xəstəlik və ziyanvericilərə məruz qalaraq dekorativ sort keyfiyyətini itirirlər.

Çoxillik təcrübə və müşahidələr göstərmişdir ki, xaricdən gətirilmiş əkin materialları Abşeronun qeyri-əlverişli iqlim şəraitində özlərini doğrultmayırlar. Bu əsasən onların yeni mühütə uyğunlaşa bilməməsi ilə izah olunur. Təcrübələr göstərir ki, xarici ölkələrin kultivarları ilk növbədə yerli şəraitə introduksiya olunmalıdır. Elə olduqda xarici kultivarlar yeni şəraitə daha asan adaptasiya olurlar. Quru subtropik iqlimə malik olan Abşeron üçün bu daha çox xarakterikdir. Qızılgül sortlarını introduksiya edərkən əsasən göz calağı üsulundan həmçinin yaşıl və yarıodunlaşmış çiliklərlə çoxaltma üsullarından istifadə olunmalıdır. Göz calağı ilə çoxaltmada başlıca şərt calaqaltinin seçilməsidir. Calaqalti kimi yerli itburnu növlərindən və ya Abşerona introduksiya olunmuş Rosa canina L. “İnermis”, Rosa nisami D.Sosn. və Rosa indica “Major” itburnu növlərindən istifadə edilir. Onlar kök boğazının uzun, hamar və oduncaqdan asan aralanan qabığının olması ilə digər itburnu növlərindən fərqlənirlər, bu da calaq işində əsas amillərdən biri sayılır. Bu üsulla çoxaldılmış əkin materialları yaxşı inkişaf etmiş kök sisteminə malik olmaqla quraqlığa, qızmar istilərə, xəstəlik və ziyanvericilərə qarşı davamlı olmaları ilə digər çoxaltma üsullardan fərqlənirlər.

Apardığımız təcrübələr göstərmişdir ki, “Peace” qızılgül sortları əsasən göz calağı üsulu ilə çoxaldılmalıdır. Belə ki, çiliklə (yaşıl, yarıodunlaşmış və odunlaşmiş) onlar çətin artırılır və ya öz köklərində zəif böyüyür və inkişaf edirlər. Bu baxımdan itburnuya calaq olunmuş qızılgüllərin davamlılığı daha yüksək olur.

Həvəskar gülçülərlə aparılan sorğu göstərir ki, onların göz calağı, yaşıl və yarıodunlaşmış çiliklərlə çoxaltma haqqında məlumatları azdır və bu haqqda ətraflı məlumata etiyac vardır.

Hazırda MNB-də Rosa L. cinsinin qədim və müasir bağ qruplarında təmsil olunan qızılgüllərin 550-dən artıq sortları və 800-dən artıq hibrid formaları toplanmışdır. Bunlar xarici ölkələrin və bağın öz kultivarları olmaqla tərəfimizdən introduksiya olunmuş (1970-2015) və seleksiya üsulları ilə yetişdirilmişdir (2006-2015).

Bağın kolleksiyasında o cümlədən dünyanın ən gözək qızılgülü “Peace” sortu və onun tumurcuq mutasiyası (irsi dəyişgənlik) və müxtəlif kombinasiyalı çarpaz tozlandırmada iştiraki nəticəsində alınmış digar sortları yer almışdır: “Climbing Peace”, “Chicago Peace”, “Pink Peace”, “Kronenbour”, “Lucky Peace”, “Spiker Sam”, “Christian Dior”, “Dame de Coeur”, “Diorama”, “Princesse de Monaco”.

MNB-də qızılgül sortlarının introduksiyası və seleksiyası istiqamətində tədqiqatlar davam etdirilir.

 

“Çiçəkçilik” laboratoriyasının müdiri

b.ü.f.d. A.T.İsgəndərov

Mədəniyyət.az jurnalı aprel 2016. s. 105-107