AMEA Mərkəzi Nəbatat Bağı və Zoologiya İnstitutunda “Gənclik və maarifçilik” İctimai Birliyinin tədbiri keçirilib

18.07.2017

AMEA-nın Mərkəzi Nəbatat Bağı və Zoologiya İnstitutunda “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakultəsinin tələbələri üçün bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsinin təbliğinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində baş tutub.

Tədbiri Mərkəzi Nəbatat Bağının (MNB) direktoru, b.ü.f.d. dosent Vahid Fərzəliyev açaraq iştirakçılara Bağın yaranma tarixi, elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Bağın əməkdaşları Respublikamızda bitki ehtiyatlarının xammal bazasını və yaşıllaşdırma çeşidlərini zənginləşdirmək məqsədilə geniş elmi-tədqiqat işləri aparırlar. MNB-da Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2500 növ ağac, kol və ot (o cümlədən 125 növ nadir, nəsli kəsilməkdə olan) bitkisinin kolleksiyaları mühafizə olunur, öyrənilir və səmərəli istifadəsi üzrə tövsiyələr hazırlanır. Tələbələr Bağın böyük zənginliyə malik canlı kolleksiyasını ziyarət edib, burada aparılan elmi-tədqiqat işləri, onların praktiki əhəmiyyəti ilə yaxından tanış olublar. Tədbir çərçivəsində “Gənclik və maarifçilik” İctimai Birliyinin ekspertləri və MNB-nın alim və mütəxəssisləri “Biomüxtəlifliyin dəyərləri”, “Dendroxronologiya elmi və təbii fəlakətlərin bitkilərə təsirinin öyrənilməsi”, “Coğrafi İnformasiya Sistemləri və onun biomüxtəlifliyin qorunmasında tətbiqi” və digər mövzusularda çıxışlar ediblər. Mövzular tələbələr tərəfindən maraqla qarşılanıb və müzakirələr zamanı yaranan bütün suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Tədbirin davamı Zoologiya İnstitutunda aparılıb. Zoologiya müzeyinin rəhbərliyi və Birliyin ekspertləri tələbələri muzeydə toplanmış zəngin eksponatlarla tanış edib, onlara Azərbaycanın heyvanlar aləmi, ümumən heyvan biomüxtəlifliyinin əhəmiyyəti haqqında geniş məlumatlar veriblər.

Sonda tələbə-gənclərə seminar-məşğələni əhatə edən çap materialları, disklər və bukletlər paylanılıb.