KOLLEKSİYALAR

Mərkəzi Nəbatat Bağında Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin, introduksiyasının, bioekoloji xüsusiyyətlərinin, iqlimləşdirilməsinin öyrənilməsi sahəsində geniş elmi-tədqiqat işləri aparılır.

Mərkəzi Nəbatat Bağı dünyanın müxtəlif ölkələrinin onlarla Nəbatat bağları ilə toxum mübadiləsi aparır. Hazırda həmin toxumların hesabına Bağın kolleksiyası 40 növdən artıq ağac, kol və çiçək bitkilərinin növləri ilə zənginləşmişdir.

Ötən illər ərzində ərzində Bağda biomüxtəlifliyin saxlanması məqsədilə bir neçə min ağac, kol, çiçək, dərman və bir sıra texniki bitkilərin növ, forma və sortları sınaqdan keçirilmişdir. Hazırda Bağda yerli və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarının florasından olan 2000-ə yaxın faydalı bitkilərin növ, forma və sortlarının zəngin kolleksiyası toplanmışdır. Kolleksiyada 250 növə qədər ağac və kol Şərqi Asiya florasından olub, onlardan 30 növə qədəri dovşanalması, yapon kriptomeriyası, himalay sidri, 20 növü dekorativ alma, 25 növü zirinc, ağcaqayın, itburnu, yemişan, sərv, tuya və s.-dir.

Şimali Amerika florası tikanlı küknar, nəhəng sekvoya, iriçiçək maqnoliya, 30 növə qədər yemişan, göyrüş, Aralıq dənizi florası atlas sidri, livan sidri, çiyələk ağacı, qara şam, bir çox buxur kolu növləri, Qafqaz florası şabalıdyarpaq palıd, eldar şamı, dəmirağacı, vələsyarpaq azat ağacı, mantar və daş palıdı, ipək akasiyası və s. bu kimi bitkilərlə təmsil olunmuşdur.

Nəbatat Bağının kolleksiyasında Qafqaz florasından olan 149 növ nadir və nəsli kəsilməkdə olan geofit bitki Azərbaycanın və keçmiş Sovetlər İttifaqının “Qırmızı Kitabı” na daxil edilmişdir.

Uzun illər boyu Azərbaycan şəraitinə uyğunlaşmış onlarla sənaye, texniki, dərman, ətirli-ədviyyalı, qida əhəmiyyətli bitkilərdən - əzvay, zəfəran, çiriş, qulançar nəinki bağa gələn ziyarətçilərin, hətta iş adamlarının da diqqətini cəlb edir. Mərkəzi Nəbatat Bağında çiçək bitkilərinin, o cümlədən soğanaqlı bitkilərdən – soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən, 530-a qədər qızılgül sortunun kolleksiyası toplanmışdır.

Mərkəzi Nəbatat Bağı dünyanın çoxsaylı Nəbatat Bağları ilə əlaqə saxlayır, toxum mübadiləsi edir və onlardan introduksiya üçün toxum alır.

Hazırda Mərkəzi Nəbatat Bağında infrastrukturun yaxşılaşdırılması üzrə işlər genişləndirilir. 1 orenjereya və 2 istixananın tikintisi başa çatmışdır.