AMEA 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edib

24.11.2016

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edib. AMEA 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbulu Nazirlər Kabinetinin təsdiqlədiyi plana əsasən aparacaq. Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.